Şokoladın orqanizmə faydası
Şokolad – ürək və qan-damar sisteminin sağlamlığı üçün vacib kaliyum və maqnezium mənbəyidir. Bundan əlavə tərkibindəki kükürd, kalsium, fosfor, dəmir, mis və sink fiziki və əqli fəaliyyətlə məşğul olan insanların qüvvəsinin tez bərpa olmasına kömək edir. Şokoladda əsas maddələrdən olan triptofan insan üçün vacib olan “xoşbəxtlik hormonu” – serotoninin yaranmasını təmin edir, kofein və az miqdarda teobromin isə iş qabiliyyətinin artmasına və beynin stimullaşmasına təsir edir. Təxminən üç-dörd şokolad parçası konsentrasiyanı və yaddaşı artırır. Şokolad ürək-damar sistemini bir çox patent almış dərman vasitələrindən daha yaxşı müalicə edir.
Şokoladın tərkibi
Şokolad – kakao kütləsi, kakao yağı, şəkər tozundan alınan məhsuludur. O, həm ayrılıqda desert, həm də şirniyyat və yarımfabrikatların bir hissəsi olaraq istifadə edilir.
70 % kakao tərkibli şokoladlardan başlayaraq və daha artıq faizli şokoladlara doğru tərkibindəki şəkər əlavəsi azalır və ya heç olmur.
Şokoladın faydaları
Şokoladın ən faydalı tərkib hissəsi – kakaodur, onun faiz nisbəti südlü şokoladla müqayisədə daha çoxdur. Əgər südlü şokoladda kakaonun kütləsi 34% -dirsə, tünd şokoladda bu faiz nisbəti 60%-dən çoxdur. Şokoladın tərkibində nə qədər çox kakao varsa, onun faydası bir o qədər çoxdur.
Şokoladın tərkibinə daxil olan kakao qanda xolesterolu azaldır, insult və infarkt riskini azaldır, trombların yaranmasından qoruyur.
Ümumiyyətlə şokolad əhval-ruhiyyəni yaxşılaşdırır, gündə bir neçə şokolad parçası Sizə gümrahlıq və pozitiv gün bəxş edə bilər.