Şirniyyat aləminin əjdahaları
Hazırladığı qənnadılar şirin olsa da, bir qənnadçının keçdiyi yol elə də şirin olmur. Ən yaxşıların sırasına daxil olmaq və rəqabətdə üstün olmaq üçün qənnadçılar hər gün yeni şedevr yaradırlar. Bu gün dünyanın 5 ən yaxşı qənnadçısı haqqında danışacağıq.
Daf Qoldman
Amerikalı məhşur qənnadçı universitetin ikinci kursunda oxuyan zaman Baltimorun ən yaxşı restoranı olan Charleston-u ziyarət edib. Elə həmin gün də gələcəkdə məhz bu restoranın baş aşpazı olmaq istədiyinə qərar verib. Həmin dönəmdə Charleston-un baş aşpazı olan Sindi Vulf Dafın yetəri qədər təcrübəsi olmadığını deyib. Gənc oğlanın bu işə nə qədər həvəsli olduğunu görəndə isə onu öz yanında işə götürüb. Daf İlk başlarda yalnız çörək bişirirmiş, lakin qısa müddətdə istedadını hər kəsə sübüt edib.
Hal-hazırda Daf Qoldman Baltimor və Los Ancelesdə Charm City Cakes qənnadı xəttinin baş qənnadçısıdır. Charm City Cakes-in diqqət çəkən qənnadı əsərlərinin arasında buxarlanan vulkan desertləri, anatomik cəhətdən düzgün qulaq deserti, alman iti, Jeep avtomobili və Wrigley Field beysbol stadionu desertləri var. Daf və komandası Barak Obamanın ikinci andiçmə mərasimi və məhşur pop ulduz Katy Perry-nin “Birthday” klipi üçün tortlar hazırlayıblar. Hətta 2008-ci ilin mart ayında dünyanın ən böyük keksini bişirdikləri üçün Ginnesin Rekordlar Kitabına düşüblər.
Jerom De Oliveyra
Jerom dörd yaşından aşpazlığa maraq göstərib və uşaq yaşından artıq özünə həyat yolu seçmişdi. 2009-cu ildə, 23 yaşında olan zaman, Jerom artıq təcrübəli və məşhur həmkarlarını arxa planda qoyaraq, beynəlxalq “Coupe du monde de la pâtisserie” yarışında çempion kubokunun qalibi oldu. Cavan və istedadlı qənnadçı ikisi Kannes, digəri Qrase şəhərində yerləşən Intuitions qənnadı markasının qurucusudur. Bir vaxtlar Fransanın ən məhşur aşpazlarından biri Kristof Mişalak, Jerom De Oliveyranı "mənəvi oğlu" və "şirniyyat sənətinin kiçik dahisi" adlandırdı.
Jerom De Oliveyra hazırladığı şirniyyatlarda hazırladığı maketin görünüşündəki təbiiliyi, 2 sadə inqridientin vəhdətindən formalaşdırır. Qənnadçı hazırladığıı şirniyyatlarda ikidən çox inqridient istifadə etməyi sevmir. Ən populyar şah əsərləri arasında Taten (tərsinə fransız almalı tort) və Tiramisu tortları, kakao paxlalarından hazırlanmış janjua pastası ilə keks, badam pastası ilə Osmos deserti və klassik fransız şirniyyatı olan Saint Honore-un xüsusi variantı yer alır.
Sadaxaru Aoki
Yaponiyalı Sadaxaru Aoki 2013-cü ildə Fransadakı beynəlxalq Salon du Chocolat sərgisində 12 ən yaxşı şokoladçıdan biri seçilib.
Sadaxaru aşpazlığı Tokyodakı Machida Kulinariya Məktəbində öyrənib. 1991-ci ildə bu peşədə inkişaf etmək üçün Fransaya gəlib və yerli kulinariya ənənələri onun o qədər xoşuna gəlib ki, burada əbədi qalmağa qərar verib. Hal-hazırda qənnadçının hazırladığı şirniyyatları Chanel, Christian Dior, Kenzo, Yohji Yamamoto, Ungaro kimi məhşur moda evlərinin nümayişlərində qonaqlara təklif olunan şirniyyatlar sırasında görmək mümkündür. Aoki eyni zamanda Paris və Tokiodakı Patisserie Sadaharu Aoki qənnadı butiklərinə sahibdir.
Adriano Zumbo
Avstraliya vətəndaşı olan Adriano italyan immiqrant ailəsində anadan olub. Valideynləri kiçik bir supermarketin sahib idilər. Adrianonun şirniyyat sevgisi də məhz bu supermarketdə yaranıb. Məktəbi bitirdikdən sonra Adriano artıq gələcəkdə hansı işlə məşğul olacağını yaxşı bilirdi. Bu məqsədi üçün qənnadı sənətini tanınmış Avstraliyalı və Fransız aşpazların rəhbərliyi altında öyrənməyə başladı. Karyerasına Sidney kafelərinə ev üsulu tortlar, kekslər, bananlı çörəklər sataraq başladı. İndi isə Adriano bütün dünyada məşhurdur.
Adriano Zumbonun ən məşhur şah əsəri “V8 Mələk Keksi” desertidir. Bu desertin hazırlanma prosesi vanilin səkkiz fərqli istifadəsini özündə birləşdirir və Avstraliyanın ən bahalı desertidir.
Avstraliyanın ən görkəmli qənnadıçılarından biri olan Adriano özünü "şirin qatil" və ya "qənnadı mətbəxinin lordu" adlandırır. Onun desertlərinin dadı, hazırlanma prosesinin mürəkkəbliyi, dizaynı və hətta qiyməti ən yüksək səviyyədədir.
Baddi Valastro
Bir çox məşhur aşpazlar kimi, Baddinin də kulinariyaya olan həvəsi uşaq yaşlarında başlayıb. Altı yaşından etibarən ailəsinə məxsus olan Carlo's Bakery adlı qənnadçı mağazasında valideynlərinə desertlərin hazırlanmasında kömək edib. Hələ 11 yaşında ikən anasının 40 illik yubileyinə hədiyyə olaraq ilk tortunu hazırlamışdı. Tortun içliyi şokolad, vanil və italyan romundan hazırlanmışdı. Baddi atası Bartolo Valastronun yanında qənnadçılıq peşəsinə yiyələndi və atası dünyasını dəyişdikdən sonra, 17 yaşında işin başına keçdi.
Baddi Valastro ən qeyri-adi ölçü və formalı tortlar hazırlamağı ilə məşhurdur - bunlar arasında dəmir yolu şəklində desertlər, "Transformers" qəhrəmanları, zombi klubu hətta öz həyat yoldaşının heykəli də var.
Hal-hazırda Nyu Jersi, Filadelfiya, Nyu York və Las Veqasda filialları olan qənnadı şəbəkəsinin, bütün Amerika üzrə qənnadı məmulatları sifarişi qəbul edən Lackawanna Factory zavodunun və müxtəlif tədbirlərin təşkili ilə məşğul olan Buddy V’s Events şirkətinin sahibidir.