Qənnadçıların və çörəkçilərin geyimi necə olmalıdır?!

17.08.2020

Hər bir sahədə mütəxəssislərin özünəməxsus geyim forması olduğu kimi, çörəkçi və qənnadçıların da onlara uyğun forması mövcuddur. Bu forma təbii ki, yalnız uzaqdan gördükdə şəxsin hansı sahədə çalışdığını anlamaq üçün deyil.

Ağ rəngli papaq, səliqəli önlük və xüsusi pencək – qənnadçı və çörəkçilərin ənənəvi görüntüsü gözümüzdə bu formada canlanır. XIX əsrdə “bütün aşpazların şahı” adlandırılan Marie-Antuan Karemin dövründə çörək və şirniyyat istehsalı sahəsində çalışanların formasında ağ rəng əsas olaraq seçilmişdir.

İllər keçsə də bu sahənin mütəxəssisləri üçün forma mühüm rol oynamağa davam edir. Mətbəxdə çalışan şəxslər mütləq şəkildə özünü oddan, müxtəlif kimyəvi maddələrdən və digər təhlükəli hallardan sığortalanmalıdır. Bununla yanaşı ən vacibi, məmulatların bişirilməsi zamanı onların tərkibinə kənar elementlərin düşməsindən qorumaq, sanitar-gigiyena qaydalarına əməl etmək lazımdır. Burada formanın tərkib hissəsi olan papaq və əlcəklər mühüm rol oynayır.

Uniformalar adətən hər ölkənin sanitar qaydalarına uyğun hazırlanır və bu qaydalarda olan təlimatlara əsasən onlardan istifadə qaydalarını öyrənirlər.

Geyim formasının tərkib hissələri

Peşəkar qənnadçı və çörəkçinin forması :

  • Qənnadçıların iş mühiti yüksək temperaturda olan sobalar önündə keçir. Onların xüsusi forması əllərini və bədənlərini yüksək temperaturda bişən yağın sıçramasından və digər mümkün olan yanıq hallarından qorumalıdır;
  • Funksional və əlverişli olmalıdır. Mətbəx şəraitində müxtəlif ləkələrə məruz qalmağa, yağların üzərinə tökülməsinə görə problem yaratmamalıdır;
  • Gigiyenik tələblərə cavab verməlidir. Məhsullarla açıq təmasdan qorumalıdır;
  • Maksimum rahat olmalıdır. Forma bədəndə rahat şəkildə hərəkət etməyə imkan verməlidir.

Formanın tərkib hissəsində olan ilk elementlərdən biri baş örtüyüdür. Baş örtük, hazırlanan məhsulun tərkibinə saç telinin düşməsinin qarşısını alır. Növbəti vacib geyim xalatdır. Onun qolları adətən bir qədər qısa olur. Çünki xəmir işlərində əllərin biləkdən yuxarıya qədər hissəsi xəmirə daxil olur.

Önlük də vacib geyim sayılır. Formanın uzun müddət təmiz saxlanması üçün önlüklərdən istifadə olunur.

Qənnadçının rahatlığını təmin edən daha vacib geyim ayaqqabıdır. Adətən “sabo” növündən ayaqqabı uniformanın dəstinə daxil edilir. Bu ayaqqabının dabanı xüsusi olaraq elə hazırlanır ki, qənnadçı və çörəkçi uzun müddət iş başında ayaqüstə keçirdiyi üçün ayağını incitməsin və maksimum dərəcədə rahatlığını təmin etsin.

Əlcəklər sobada bişən çörək və un məmulatlarını isti şəkildə götürmək üçün istifadə olunan vacib aksessuardır. Onlar xüsusi parçadan və yüksək temperatura davamlı materialdan hazırlanırlar. Çünki sobadan çıxarılan qablar adətən ortalama 100 dərəcəyədək istilikdə olurlar.

Bununla da peşəkar qənnadçı obrazı tamamlanır. Amma səliqəli geyimdən əlavə, qənnadıların dadı da önəmlidir və bu qənnadıların mükəmməl alınması üçün Besting miksləri əvəzolunmazdır.