Merenq ruleti - ən son qənnadı trendi

26.10.2020

Bu gün sizinlə ciddiyyətdən uzaqlaşıb dadlı mövzudan danışmaq istəyirik. Bu mövzu ən çox xanımların xoşuna gələcək, çünki mövzumuz asan hazırlanan və olduqca ləzzətli bir desert haqqındadır. Son zamanlar qənnadı trendinə çevrilən və hər kəsin təriflədiyi Merenq ruletinin həm tarixini, həm də reseptini Sizinlə paylaşacağıq.

Əslində merenq adlandırdığımız şirniyyat hamının yaxşı bildiyi ağ bezedir. Bir çox insan beze ilə merenqin arasında hansı fərqin olduğunu düşünür. Hər ikisinin hazırlanması üçün tələb olunan tərkib eynidir. Ancaq "merenq" dedildikdə, tort kimi müstəqil bir desert nəzərdə tutulur. Halbuki ağ beze həm krem, ​​həm də hər hansı bir desertin içliyi olaraq istifadə edilə bilər.

Bu sözlərin yaranma tarixinə baxanda da fərqi görə bilərik. "Beze" fransız mənşəli sözdür və azərbaycan dilinə tərcümə olunanda "öpüş" mənasını verir. “Merenq” sözü də Fransız mənşəlidir, lakin Fransaya Qasparini adında İsveçrənin Meyrenqen şəhərindən gələn qənnadçı ilə gəlmişdir. Bu desert 17-ci əsrdə hazırlanıb. Bütün dahi ideyaların bir səhv nəticəsində alındığı kimi, bu hal da istisna deyil. Qasparini yumurtaları çırpdığı zaman başı çox qarışıb və sonda qatı köpük alınıb. Qənnadçı da sadəcə təcrübə məqsədilə alınan bu köpüyü sobaya yerləşdirir. Nəticədə xırtıldayan, şirin və dadlı bir desert alınıb. Qasparini də başlayıb bu deserti hazırlayıb satmağa və çox qısa zamanda öncə ziyalı zəngin təbəqənin, daha sonra isə adi insanların sevimlisinə çevrilib.

Başqa bir versiyaya görə, merenq, 17-ci əsrin sonunda ortaya çıxan başqa bir məşhur qənnadçı Frankois Massialo tərəfindən hazırlanmışdır.

Merenqli desertlər daha zərif və eleqant alınır. Həm, sözün əsl mənasında, insanın ağzında əriyən, həm də xırtıldayan çox az şirniyyat növü var. Beze içlikli tortlar dadlı olmaqlarına baxmayaraq, elə də məhşur deyillər, amma merenq deserti adından söz etdirdiyi andan dəbdədir.

Yəqin ki, oxuduqca həvəsə gəlirsiniz, elə bizim də yazdıqca ürəyimiz dadlı bir merenq ruleti çəkdi. Dərhal mətbəxə gedib BESTING qida xammalları ilə bu ruletdən hazırladıq və çox ləzzətli alındı. Resepti Sizinlə də paylaşırıq.

Tərkibi:

  • Otaq temperaturunda olan 4 yumurta ağı;
  • 2-3 damcı limon turşusu;
  • 220 q şəkər tozu;
  • 1 xörək qaşığı qarğıdalı nişastası.

Hazırlanma qaydası

Yumurta ağlarını dərin qaba tökün. Yumurta sarısının qalmadığından və qabların quru və təmiz olduğundan əmin olun.

Limon turşusunu əlavə edin və mikserlə orta sürətdə qarışdırın. Bir neçə dəqiqə sonra köpük alınmağa başlayanda sürəti maksimuma qaldırın və şəkər tozunu yavaş-yavaş əlavə edərək qarışdırmağa davam edin. Təxminən 10-13 dəqiqə sonra nişasta əlavə edin və 10-15 saniyə daha qarışdırın.

Soba tavasını yağlı və ya xüsusi teflon kağız ilə örtün. Qalınlığı 1-1.5 sm-dən çox olmamaq şərtilə merenqi tavaya bərabər şəkildə yayın.

Təxminən 20 dəqiqə 150 - 170°C-də bişirin. 20 dəqiqədən sonra merenqin üstü xırtıldayan, içi isə yumşaq olmalıdır. Əgər çox qurutsanız, xırtıldamayacaq, əksinə qırılacaq.

Hazır olan merenqi yağlı və ya teflon kağızın üzərinə tərs çevirərək yerləşdirin. Sonra altındakı kağızı yavaşca çıxarın. İstəyə görə ruletin üzərinə şəkər pudrası, qoz-fındıq, giləmeyvələr və s. əlavə edə bilərsiniz.

Və budur, rulet servis edilməyə hazırdır. Nuş olsun!